Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondun (EİF) 2012-ci üçün 2-ci qrant müsabiqəsinin qalib layihə rəhbərləri və fondun əvvəlki müsabiqələrini uğurla yerinə yetirmiş layihə rəhbərləri ilə görüş keçirib. APA-nın xəbərinə görə, fondun icraçı direktoru Elçin Babayev bildirib ki, 2010-cu ilin iyun ayından bu günə qədər 150-dən artıq layihə maliyyələşdirilib, yüzlərlə alim və mütəxəssisə əlavə yaradıcılıq imkanı yaradılıb. Sonuncu müsabiqə üzrə isə elmin ən müxtəlif sahələrini əhatə edən 39 qalib layihə müəyyənləşdirilib.
E. Babayev deyib ki, fonda təqdim edilən layihələr arasında biologiya, tibb və aqrar elmlər sahəsində layihələr üstünlük təşkil edir. Artıq bu sahələr üzrə təqdim edilən layihələr fizika, riyaziyyat və texnika elmləri sahəsində təqdim edilən layihələrə rəqib rolunu oynayır. Bu il fond tərəfindən ən azı 6 qrant layihəsinin elan edilməsi nəzərdə tutulur.
2012-ci ilin 2-ci müsabiqəsi üzrə 4 pilot layihə qalib olub. Ümumi həcmi 5 milyon 600 min manat olan layihələr fizika, genetika və kimya elmlərini əhatə edir. Cari müsabiqənin nəticələri üzrə ümumi həcmi 1 milyon 585 min manat olmaqla 27 fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri maliyyələşdiriləcək. Bundan başqa, EİF Azərbaycanda “Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması” üzrə beynəlxalq elmi konfransın təşkili və keçirilməsini, İngiltərə, Türkiyə və Rusiyada 3 qısamüddətli elmi təcrübə üzrə elmi tədqiqatların maddi-texniki təminatını nəzərdə tutan 3 layihəni və 1 elmi nəşri dəstəkləyəcək.
E. Babayev bəyan edib ki, EİF 2 fevral - Gənclər Gününə töhfə olaraq gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsini elan edib. Bu müsabiqə üzrə layihələrin maliyyə həcmi 500 min manat təşkil edəcək.
Tədbirdə elmin inkişafı sahəsində ölkədə əldə edilmiş nailiyyətlərin və Elmin İnkişafı Fondunun bu sahədəki fəaliyyətinin operativ, dolğun və obyektiv işıqlandırmasında fərqlənən bir sıra KİV nümayəndələri diplom və xatirə suvenirləri ilə təltif olunublar. Onların arasında APA İnformasiya Agentliyi də var.