Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 209 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 94 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 39 iş üzrə 1740000 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 26 iş üzrə 39820,83 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə, hüquqi və fiziki şəxslərə 984 iş üzrə 131050,45 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qruplarına 13, məhkəmələrə isə 4 iş göndərilib.