Bakı. Ramil Məmmədli – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) “Tikintidə yanğın təhlükəsizliyi: Qaydalar, vəzifələr, hüquqi məsuliyyət” mövzusunda seminar-müşavirə keçirib. APA-nın məlumatına görə, tədbirdə ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması üçün dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlərdən danışılıb, yanğın təhlükəsizliyinin mövcud vəziyyətindən söhbət açılıb.
Əvvəlcə tədbirdə FHN-nin yaradılması, fəaliyyəti, inkişaf dövrü və perspektivinə, o cümlədən DYNX-nın iş prosesinə dair video-çarx nümayiş olunub.
DYNX-nın rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov çıxışında ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması üçün dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlərdən danışıb, ölkədə yanğın təhlükəsizliyinin mövcud vəziyyətindən söz açıb. E. Hüseynov tikinti sektorunda yanğın təhlükəsizliyinin vəziyyətini təhlil edərək, bəzi obyektlərdə tikinti-quraşdırma işləri icra olunarkən yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasını, yanğına qarşı təbliğat xarakterli işlərin qənaətbəxş olmamasını qeyd edib: “Nazirliyin müvafiq qurumları yanğın təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri gələcəkdə də həyata keçirəcək, yanğın təhlükəsizliyinə zidd halların qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulan bütün səlahiyyətlərdən istifadə edəcək”.
Seminar-müşavirədə DYNX-nın rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımovun “Tikintidə yanğın təhlükəsizliyinin perspektiv istiqamətləri, aktual problemlər”, polkovnik-leytenant Əziz Cəfərovun “Bina və qurğuların layihələndirilməsində yanğın təhlükəsizliyi tədbirləri”, xidmətin profilaktika işinin təşkili şöbəsinin rəisi Hikmət Cəfərovun “Tikinti və quraşdırma işləri başa çatdıqdan – obyekt istismara təhvil verildikdən sonra yanğına qarşı profilaktik tədbirlər”, qurumun hüquq sektorunun rəisi Ehtiram Əliyevin “Yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə, hüquqi məsuliyyət” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə “Tikintidə yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası metodik vəsait kimi seminar-müşavirə iştirakçılarına paylanılıb.