Bakı. Şəhriyar Əlizadə - APA. “Ailə Məcəlləsinə dəyişikliklər edilməsi zamanın tələbidir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, nikaha girənlərin bir-birlərinin xəstəlikləri barəsində məlumatlı olması vacibdir: “Nikaha girənlər özlərinin genetik kodunu bilməlidirlər, mövcud olan xəstəliklər barədə bir-birilərini məlumatlandırmalıdırlar. Bu baxımdan nikahdan əvvəl tibbi arayışın alınması vacib məsələdir. Bununla bağlı deputat Mehriban Əliyeva qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib. Eyni zamanda bir sıra qan xəstəliklərinin qarşısını almaq üçün tədbirlər görülüb, xəstəxanalar tikilib. Lakin bu gün də qan xəstəliklərindən əziyyət çəkən şəxslər var. Təhlillər göstərir ki, bunun bir səbəbi də qan yaxınlığı olan şəxslərin nikaha girmələridir. Əgər bu xəstəlikdən əvvəlcədən xəbər tutularsa və müalicə tədbirləri görülərsə, dünyaya gələn uşaq sağlam olar. Əks təqdirdə, bu ailənin, uşağın bədbəxtliyi həm də cəmiyyətdə bir problemə çevrilir. Ailə Məcəlləsinə ediləcək dəyişikliyin məqsədi də bundan ibarətdir. Bu dəyişiklik nikaha girənlərə heç bir maneçilik törətmir. Onlar yenə də nikah bağlaya bilərlər. Milli Məclisin yeni sessiyasında bununla bağlı müzakirələr olacaq ”.