Bakı. Kəmalə Quliyeva – APA. “İctimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması haqqında qanun layihəsi ilə bağlı bir sıra problemlər var. Ona görə də bu qanun layihəsini hələ müzakirəyə çıxara bilmirik”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, əsas çətinlik siqaret çəkənlərə qarşı inzibati tədbirlərin, cəzalandırma metodlarının müəyyənləşməsindədir: “Türkiyədə qəbul edilən qanunla əvvəlcə bu xətanı törədənləri cəzalandırırdılar. Sonradan gördülər ki, bu üsul işləmir və çoxlu problemlər yaranır. Ona görə də Türkiyənin indiki qanununda siqaret çəkilən ictimai iaşə müəsisəsinin rəhbərini cəzalandırırlar. Azərbaycanda hazırlanan qanun layihəsində də belə məqamlar nəzərdə tutulub”.
Komitə sədri hesab edir ki, siqaret çəkilməsinə görə ictimai iaşə müəssisəsi sahiblərinin cəzalandırılması daha düzgün olar: “Ya həmin müəssisədə siqaret çəkilməməlidir, ya da bunun üçün ayrıca yer olmalıdır. Siqaret çəkilməsinin qarşısını almaq üçün təbliğat metodları da düzgün seçilməlidir. Siqaret çəkməyin kütləviliyinin qarşısının alınması üçün siniflərdə, məktəblərdə asudə vaxt düzgün təşkil olunmalıdır. Bununla əlaqədar uşaqların və erkən yaşlı gənclərin asudə vaxtının təşkili haqqında qanun layihəsi hazırlanıb. Məqsəd uşaqları zərərli vərdişlərdən uzaqlaşdırmaqdır”.