Bakı. Könül Kamilqızı - APA. «BMT-nin hesablamalarına görə, bu əsrin sonuna kimi yer kürəsində əhalinin sayı 12 milyarda çatacaq. Amma bunun nə demək olduğunu insanlar hələ ki, yaxşı dərk etmir”. APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dünya əhalisinin sayı artdıqca dünya iqtisadiyyatının, təbii resursların bu insanları nə dərəcədə təmin edə biləcəyi çox qlobal problemdir: “Buna görə də mütəxəssislər bunun həlli yollarını indidən düşünməlidirlər. “Yaşıl iqtisadiyyat” dünyada getdikcə genişlənən və qlobal problemə çevrilən mühüm məsələlərdən biridir”.
Nazirin sözlərinə görə, dünya iqtisadiyyatı və ətraf mühit münasibətləri o qədər kəskinləşib ki, artıq böhran xarakteri almağa başlayır: «Bunun qarşısını almaq üçün çıxış yollarından biri davamlı “yaşıl iqtisadiyyat” anlayışını mütəxəssislər mütəmadi olaraq müzakirə etməli və bunun çıxış yollarını tapmalıdırlar. Nə qədər “yaşıl iqtisadiyyat” istiqamətində işlər görülsə də, bu, sadəcə mövcud vəziyyətin nisbətən azalmasına gətirib çıxaracaq. Ona görə də mövcud problem barədə indidən düşünməli və mühüm həll yolları tapılmalıdır».