Bakı. Ülkər Qasımova – APA. İçərişəhərdə yerləşən bir neçə yaşayış binası qəzalı elan edilib. APA-nın məlumatına görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov keçirilən iclasda deyib. O bildirib ki, Mirzə Şəfi küçəsi-6 ünvanında yerləşən üçmərtəbəli yaşayış binası məhkəmə qərarı ilə qəzalı elan edilib, sakinlərə müvəqqəti yaşayış sahəsinin kirayələnməsi üçün kompensasiya ödənilib, layihə-smeta sənədləri sifariş olunub.
Böyük Qala küçəsi-5 ünvanında yaranmış qəzalı vəziyyəti aradan qaldırmaq məqsədilə məhkəməyə müraciət olunub, iş üzrə yekun qərar qəbul edilənədək üçmərtəbəli binada yaşayış qadağan edilib. M. Cabbarov qeyd edib ki, 2013-cü ildə sakinlər köçürülməklə, bu binada da təmir-bərpa işlərinə başlanılması nəzərdə tutulur: “2012-ci ildə ərazinin abadlaşdırılması və sanitar təmizliyi, abidələrin, yaşayış və qeyri-yaşayış sahələrin, mühəndis-kommunikasiya xətlərinin və yol örtüyünün əsaslı təmiri istiqamətində işlər davam etdirilib. Böyük Qala, Sabir, Mirzə Şəfi küçələrində qaz, su, kanalizasiya, rabitə və elektrik xətlərinin dəyişdirilməsinə başlanıb. Hesabat dövrü ərzində dövlət mənzil fondu üzrə 419 min manatlıq təmir işləri görülüb. Dövlət mənzil fondu üzrə ayrılmış büdcə vəsaitinin səmərəli istifadəsinə nəzarət məqsədilə hər bir ünvan üzrə təmir işləri tamamlandıqdan sonra sakinlərdən məmnuniyyət ərizələri alınıb”.