Bakı. Kəmalə Quliyeva – APA. Xəzərin Azərbaycan şelfindəki sualtı palçıq vulkanlarında geniş tədqiqatlar aparılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Almaniya alimləri Xəzərin Azərbaycan şelfindəki sualtı palçıq vulkanlarını birgə tədqiq edəcəklər: “Tədqiqatları Almaniyanın GEOMAR təşkilatı aparacaq. Onlar hələlik quruda bir neçə palçıq vulkanını öyrəniblər və nümunələr götürüblər. Həmin nümunələr Almaniyaya aparılaraq laboratoriya şəraitində analiz olunacaq. Quruda olan palçıq vulkanlarının davamı dənizdədir. Qurudakı palçıq vulkanlarını öyrənməklə onların dənizdəki davamını izləmək mümkün olacaq. Gələn ilin əvvəlindən isə Xəzərdəki sualtı palçıq vulkanları ilə əlaqədar ətraflı tədqiqatlara start veriləcək”.
A. Əliyev deyib ki, indiyədək Azərbaycan alimlərinin sualtı palçıq vulkanlarını öyrənmək üçün imkanları olmayıb: “Xəzərdə palçıq vulkanı mənşəli 8 ada var. Biz bunları öyrənmişik. Ancaq sualtı palçıq vulkanlarını öyrənmək üçün şərait olmayıb. Sualtı palçıq vulkanlarını öyrənməklə Xəzərdə olan neft-qaz yataqlarını da tədqiq etmək olar. Palçıq vulkanları dərində yatan neft-qaz yataqlarını aşkar etmək üçün öyrənilir. Hazırda qazma işləri 6 km-ə qədər aparılır. Ancaq daha dərində olan yataqları quyu qazılması ilə aşkar etmək mümkün deyil”.
Qeyd edək ki, Cənubi Xəzərdə 230 sualtı palçıq vulkanı var. Onun 130-u Azərbaycan sektorundadır.