Milli Olimpiya Komitəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəmaləddin Rəhmanovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq Bakının namizədliyi qeydə alınıb və hazırda sifariş kitabının hazırlanması üzrə iş gedir. C.Rəhmanov bildirib ki, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi İslam Həmrəyliyi Oyunlarının paytaxtının seçimində Bakının şanslarını artırır.
Azərbaycan paytaxtının bu oyunlarda namizədliyinin irəli sürülməsi üçün Nazirlər Kabinetinin qərarı ilə bu məqsədlə 2012-ci ilin dövlət büdcəsinin ehtiyat fondundan Milli Olimpiya Komitəsinə 850 min manat vəsait ayrılıb.
İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə 2005-ci ildən başlanılıb. Bu oyunlar 4 ildən bir keçirilməlidir. İlk İslam oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib, II Oyunların İranda keçirilməsi nəzərdə tutulsa da, Fars körfəzinin adı ilə bağlı İranla ərəb ölkələri arasında yaranmış mübahisəyə görə, bu, baş tutmayıb. III İslam Oyunları isə 2013-cü ildə İndoneziyada keçiriləcək.