Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-220, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-200, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 132 m3/s, ongünlük normanın 84 faizini təşkil edir. Yanvarın 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir.
Son günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım davam etməkdədir. Belə ki, yanvarın 18-dən etibarən Kür çayının Surra məntəqəsində 6 sm, Şirvanda 8 sm, Bankədə 9 sm, Salyanda 16 sm artım qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə 10 sm azalma müşahidə edilib. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.