Bakı – APA. 20 noyabr - 2 dekabr 2012-ci il tarixlərində 4 Latın Amerikası ölkələri ilə gənclərlə iş sahəsində təcrübə mübadiləsi proqramı reallaşdırılır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar Kolumbiya, Kosta-Rika, Meksika və Panamadan 43 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər Azərbaycanın Meksikadakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Nümayəndə heyətinin Azərbaycana gəlişi ilə əlaqədar hazırlanmış səfər proqramı çərçivəsində iştirakçıların Fəxri Xiyabana və Şəhidlər Xiyabanına ziyarəti, bir sıra dövlət qurumları, o cümlədən bir qrup gənc millət vəkili ilə görüşləri, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Heydər Əliyev Fondu və Azərbaycan Diplomatiya Akademiyası ilə tanışlıq, gənclər təşkilatlarının iştirakı ilə dəyirmi masa və Azərbaycanın tarixini və mədəniyyətini geniş şəkildə əks etdirən bir neçə təqdimatda iştirakı nəzərdə tutulur. Səfər zamanı nümayəndə heyətinin Azərbaycanla ikitərəfli əlaqələrin qurulması və əməkdaşlıq perspektivlərinin müzakirəsi gözlənilir. Qeyd edək ki, bu, Latın Amerika ölkələri ilə gənclərlə iş sahəsində keçirilən ilk mübadilə proqramıdır.
Bu gün nümayəndə heyətinin Azərbaycan Gənclər Fondu, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə görüşü keçiriləcək.