Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzv yerinə seçkilərin keçirilməsi razılaşdırılır. Bu il tam razılıq əldə olunsa, seçki keçiriləcək”. Bunu APA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov deyib.
O, seçkiləri bu il keçirmək istədiklərini diqqətə çatdırıb: “Amma seçkilərin ləngiməsinin müxtəlif səbəbləri var. AMEA ictimai təşkilat olsa da, dövlətə tabedir. Dövlətin qərarından çox şey asılıdır. Tapşırıq, razılıq olsa, seçki keçiriləcək”.
Qeyd edək ki, ötən il APA-ya açıqlamasında M.Kərimov AMEA Rəyasət Heyətinin (RH) qeyri-legitim fəaliyyət göstərdiyini demişdi. AMEA əsasnaməsinə görə, seçkilər elan verilən gündən sonra 3 ay müddətində keçirilməlidir. AMEA-ya seçkilər ötən il fevralın 17-də elan olunub.
Hazırda AMEA-nın 56 həqiqi, 106 müxbir üzvü var. AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə əlaqədar ümumilikdə 255 nəfər sənəd verib. Elana əsasən, seçki 10-u həqiqi, 30-u müxbir üzv olmaqla, 40 vakant yer üzrə elan olunub. AMEA-nın akademikliyinə 34 nəfər, müxbir üzvlüyə isə 221 nəfər sənəd verib.
AMEA Rəyasət Heyəti üzvləri, o cümlədən prezident və vitse-prezidentlər 5 ildən bir seçilir. AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ilin iyulunda keçirilib.