Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib. Məlumata görə, il ərzində Kiçik Qafqazın şimal və orta hissələri qismən aktivləşib. İl ərzində burada hiss olunan zəlzələ olmasa da, sentyabrın 30-da maqnitudaları 3.9 və 3.6 olan zəlzələlər baş verib. Bu zəlzələlər Gəncə şəhərindən 30 km cənubda, Göygöl dövlət qoruğu ərazisində qeydə alınıb.
2011-ci ildən fərqli olaraq, 2012-ci ildə Naxçıvanın Ermənistanla sərhədində, Zəngəzur silsiləsində seysmik aktivlik müşahidə olunub. Bu, Zəngəzur qırılmasının aktivləşməsi ilə əlaqədardır. Naxçıvan MR-in şimal və qərb hissələrində zəif seysmiklik müşahidə olunur. Bu zonada baş verən zəlzələlərin ən yüksək maqnitudası 2.7 olub.
Talış dağlıq bölgəsində zəlzələlərin episentrlərinin ümumqafqaz və meridional istiqamətdə miqrasiyası müşahidə olunur. 2012-ci il ərzində Talış zonasında 3 hiss olunan zəlzələ baş verib. Bunlar episentrdə 3-4 bal intensivliyində hiss olunub.
2011-ci ilə nisbətən ötən il Xəzərin seysmikliyi bir qədər azalıb. Burada maqnitudası 4.2 olan zəlzələ Qızılağac körfəzində baş verib.
İl ərzində kataloq məlumatları əsasında “Seysmik aktivlik xəritəsi” tərtib olunub. Bu xəritədə 2012-ci ildə aktiv zona kimi Azərbaycanın şimal-qərb hissəsi, Şamaxı-İsmayıllı zonası, Talış zonası, Kiçik Qafqazın orta və şimal hissələri, Naxçıvanın Ermənistanla sərhədi, İranın Azərbaycanla sərhədə yaxın olan zonası göstərilib.