APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, həmin ideyanı da ilk dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi irəli sürüb. Nazirin sözlərinə görə, bu gün şəhərin bəzi yerlərində kommunikasiya xətləri çox köhnə olduğu üçün qazıntılar aparmaq mümkün olmur: “Nazirliyin apardığı monitorinq nəticəsində Xəzər dənizinin Bakı bulvarına 14 axıntısı müəyyənləşdirilib. Bunların çoxu uçotda olmayan, yaddan çıxan və indi də Bakı Bulvarını çirkləndirən axıntılardır. Onların qarşısını almaq üçün Bakı bulvarındakı sahil zolağının dənizə qovuşduğu yerdə rahat tunel tikmək olar. Bunun üçün yeri qazmağa ehtiyac yoxdur. Bütün tullantılar sahildən avtomatik olaraq həmin tunelə gedəcək. Bu tuneli isə təkcə Hövsana çəkmək mümkün deyil. Tunelin bir hissəsini də Bakının əks istiqamətində yerləşən Ələtdə qurmaq olar. Elə etmək olar ki, Xəzər dənizinə bir damcı da tullantı getməsin. Bunun üçün ən effektiv yol tunelin tikintisidir”.
Nazir qeyd edib ki, artıq bununla bağlı təkliflər var. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi Bakı Buxtasının təmizlənməsi ilə bağlı layihə üzərində işləyir. Burada bütün məsələlər nəzərə alınır: “Yekun nəticə ortaya çıxanda hər şey bəlli olacaq”.
Bakı bulvarında sahilboyu yol tunelinin tikintisinin nə zaman başlayacağına gəlincə, H.Bağırov bununla bağlı hələ ki fikir söyləməyin tez olduğunu deyib. Onun sözlərinə görə, bununla bağlı tədqiqat aparmaq, onun ətraf mühitə təsirlərini qiymətləndirmək lazımdır.