Bakı. Könül Kamilqızı-APA. Azərbaycanda uşaqlar arasında rast gəlinən xəstəliklərin növləri dəyişib. Bu barədə APA-ya açıqlamasında respublikanın baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev məlumat verib.
O bildirib ki, əgər əvvəllər uşaqlar arasında yayılan xəstəliklərdən yoluxucu xəstəliklər önə çıxırdısa, indi onların qarşısı alındığına görə xəstəliklərin ardıcılığında dəyişiklər baş verib. Onun sözlərinə görə, uşaqlar arasında yoluxucu xəstəliklərin sayı kəskin azalıb və 2013-cü ildə bu tendensiyanı saxlamaq nəzərdə tutulur.
N. Quliyev qeyd edib ki, qızılca və məxmərəyin tam ləğvinə nail olmaq üçün 2013-cü ildə də müvafiq işlər davam etdiriləcək: «Hazırda Səhiyyə Nazirliyini ən çox narahat edən məsələ yeni doğulma dövründə körpələrdə rast gəlinən anadangəlmə xəstəliklərdir. Təbii ki, hər zaman olduğu kimi tənəffüs sisteminin xəstəliklərinə də daha çox rast gəlinir. Bu istiqamətdə də müəyyən işlər aparılır”.
Baş pediatr vurğulayıb ki, hazırda qarşıda duran məsələlərdən biri yeni doğulan körpələrə göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsidir. Onun sözlərinə görə, 2013-cü ilə bu istiqamətdə Səhiyyə Nazirliyi tərəfindən çox böyük planlar həyata keçiriləcək: “Bununla əlaqədar müəssisələrin təmiri və müasir avadanlıqlarla təminatı ilə bağlı işlər davam etdiriləcək”.