Bakı. Könül Kamilqızı – APA. Ötən il Azərbaycanda qeydə alınan xəstəliklər arasında tənəffüs orqanlarının, yoluxucu və parazitar, həzm orqanlarının və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edib. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən ilin yanvar-noyabr aylarında 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə malyariya ilə xəstələnənlərin sayı - 1,8 dəfə, sifilis ilə - 36,7 faiz, göyöskürək ilə - 35,7 faiz, brusellyoz ilə - 34,1 faiz, viruslu hepatit A ilə - 32,0 faiz, süzənək ilə - 21,8 faiz, su çiçəyi ilə -17,0 faiz, tənəffüs orqanlarının vərəmi ilə xəstələnənlərin sayı isə 15,9 faiz azalıb.
Difteriya, kəskin poliomielit, qızılca, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu və yeni doğulmuşlarda tetanus xəstəlikləri qeydə alınmayıb. Bununla yanaşı, qarayara, pedikulyoz, quduzluq, tetanus, epidemik paro-tit, qazanılmış immun-çatışmazlığı sindromu ilə xəstələnənlərin sayı bir qədər artıb.