Bakı. Könül Kamilqızı-APA. Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsi tərəfindən 2012-ci il ərzində ölkə ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində reydlər keçirilib. Səhiyyə Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumilikdə, yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən 368 aptekdə yoxlama keçirilib.
Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətlə məşğul olan 12 aptek aşkarlanaraq fəaliyyətləri Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsi tərəfindən dayandırılıb. Həmçinin keçirilən reydlər nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 7893 qutu, istifadə müddəti bitmiş 36 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilib.