Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda hazırda flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ümumi sahəsi 209,3 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və sahəsi 365,2 min hektar olan 24 yasaqlıq mövcuddur. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2012-ci ildə 1709 müəssisədə müvafiq müayinələr aparılıb və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər üç müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinəyə cəlb olunmuş hər yeddi müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb. Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunan 821 nəfər vəzifəli şəxs və vətəndaşdan 1379,5 min manat məbləğində cərimə tutulub.
Qeyd olunub ki, ötən il Bakı şəhərinin Balaxanı qəsəbəsində təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istifadəyə verilib. Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən, ötən il Xaçmaz rayonunda sahəsi 11,8 min hektar olan Samur-Yalama Milli Parkı yaradılıb.