Bakı – APA. Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) rayonda aksiyaların keçirilməsi ilə barədə yayılmış məlumatlarla əlaqədar açıqlama yayıb. RİH-dən APA-ya daxil olan açıqlamada deyilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Zaqatala rayonunda zəlzələ nəticəsində evlərinə ziyan dəymiş sakinlərə kompensasiyaların verilməməsi ilə əlaqədar kütləvi şəkildə narazılıqların və aksiyaların keçirilməsi ilə bağlı əsassız materiallar dərc edilib: “Rayon İcra Hakimiyyəti bildirir ki, 26 yanvar 2013-cü il tarixdən başlayaraq rayon ərazisində zəlzələ nəticəsində evlərinə ziyan dəymiş vətəndaşlara kompensasiyaların verilməsinə başlanılıb. Ümumiyyətlə, rayon ərazisində əhaliyə kompensasiyaların verilməsi prosesinin bir neçə mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Artıq 30 yanvar 2013-cü il tarixədək 1304 ailəyə kompensasiyalar ödənilib və bu proses davam etdirilir.
Hazırda FHN-in rayonda fəaliyyət göstərən müvafiq komissiyaları tərəfindən vətəndaşların müraciətləri əsasında rayonun 5 yaşayış məntəqəsində evlərə təkrar baxış keçirilir və bu proses davam etdiriləcək.
Bir daha bildiririk ki, rayonda ictimai-siyasi vəziyyət normaldır, heç bir aksiya və ya piket keçirilməyib”.