APA-nın “Kommersant” qəzetinə istinadən xəbərinə görə, gəlmələr sığorta polisi olmadan əmək müqaviləsi bağlaya bilməyəcəklər.
Əmək Məcəlləsinə müvafiq dəyişikliklər Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən hazırlanıb. İşə düzələrkən sığorta polisi yerinə əcnəbilər ilkin və ixtisaslaşdırılmış tibbi yardım haqqında müqaviləni də təqdim edə bilərlər.
Ekspertlərin fikrincə, bu dəyişikliklərdən sonra miqrant əməyi 3-5% bahalaşacaq. Dəyişiklik müəllifləri isə hesab edir ki, icbari sığorta regional büdcələri miqrantlara tibbi yardım xərclərindən azad edəcək. Belə ki, təkcə Moskvada dövlət hər il 1,5 mln. əcnəbini müalicə edir.
Rusiyanın Əmək Məcəlləsinə edilən dəyişikliklər əmək müqaviləsi bağlanarkən digər qaydaları da sərtləşdirəcək. Gəlmələrdən işləmək icazəsi, patent, müvəqqəti yaşayış üçün icazə də tələb olunacaq.
Qeyd edək ki, son vaxtlar Rusiya hökuməti miqrantlarla bağlı qanunvericiliyi sərtləşdirir. Saxta qeydiyyata görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, 2015-ci ildə Mərkəzi Asiya ölkələrindən gələnlər mütləq xarici pasport təqdim etməli və rus dilindən imtahan verməli olacaqlar.