Bakı. Könül Kamilqızı – APA. Yanvarın 15-dən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayacaq. APA-nın xəbərinə görə, Dövlət Agentliyinin rəisi İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, pilot layihə çərçivəsində ilkin olaraq “ASAN xidmət” mərkəzi paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə öz xidmətlərini təqdim edəcək. Mərkəzdə 9 dövlət orqanı tərəfindən 23 xidmət göstəriləcək.
Mərkəzin xidmətlərindən vətəndaşlar həmçinin şəxsən, telefon və ya internet vasitəsilə ünvanladığı müraciətlər əsasında istifadə edə biləcəklər. Belə ki, vətəndaşın mərkəzə gəlmədən, internet (www.asan.gov.az saytının “Onlayn növbə” bölməsindən) və ya telefon vasitəsilə (108 - “Çağrı” mərkəzi) də növbə tutmaq imkanı olacaq. Vətəndaşları dövlət orqanlarının göstərdikləri xidmətlər və bu xidmətlər üçün tələb olunan sənədlər barədə məlumatlandırma, habelə onların şikayət və təkliflərini qəbul etmə funksiyalarını yerinə yetirəcək agentliyin “Çağrı” mərkəzi fevralın 1-dən etibarən tam fəaliyyət göstərəcək.
Açıqlamadan sonra İnam Kərimov mərkəzdə yaradılan şərait və görüləcək işlər barədə jurnalistlərə ətraflı məlumat verib.