Bakı. Könül Kamilqızı – APA. “Yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə edilməsi o demək deyil ki, Təhsil Nazirliyinin səlahiyyəti alınaraq TQDK-ya verilib”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirmə ilə bağlı fənnin mənimsənilməsinə nəzarət, təhsil alanların attestasiyası məqsədilə müxtəlif monitorinqlər keçirir və bundan sonra da keçirmək səlahiyyətindədir.
Nazirlik rəsmisi qeyd edib ki, prezidentin fərmanında TQDK tərəfindən yekun attestasiyanın təşkili məqsədilə V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi nəzərdə tutulub: “Amma bu o demək deyil ki, Təhsil Nazirliyinin səlahiyyəti alınaraq TQDK-ya verilib. Onlar tamamilə başqa məqsədlə, Təhsil Nazirliyi isə ümumiyyətlə, qiymətləndirmə ilə bağlı monitorinqlər aparılır. Artıq orta məktəblərdə aralıq siniflərdə imtahanlar yoxdur. Ancaq buraxılış siniflərində imtahanlar olur və bunun da həyata keçirilməsi TQDK-nın səlahiyyətindədir. Bunlar ayrı-ayrı məqsədlər və istiqamətlərdir. Təhsil Nazirliyinin məktəbdaxili qiymətləndirmə tədqiqatının məqsədinə, hədəfinə uyğun müvafiq monitorinqlər keçirmək səlahiyyəti var və bundan sonra da davam etdiriləcək”.