Bakı-APA. Sumqayıt Paralimpiya Kompleksində Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və “İnkişaf Naminə İdman” İctimai Birliyi təşkilatçılığı 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə “DƏSTƏK OL!” adlı İnteqrativ Festival keçirilib.
“İnkişaf Naminə İdman” İctimai Birliyindən APA-ya verilən xəbərə görə, festivalda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Natiq Qasımov, baş katib Afiq Süleymanov, icraçı direktor Şaiq Həmidov, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Musa Həsənov ilə yanaşı Paralimpiya Çempionları İlham Zəkiyev və Ramin İbrahimov iştirak edib.
Festivalı giriş sözü ilə açan İ.Babayev Bakı, Sumqayıt və ümumilikdə bütün Azərbaycan gənclərini 2 fevral münasibətilə təbrik edib. Bu münasibətlə təşkil edilmiş “DƏSTƏK OL!” adlı İnteqrativ Festivalda sağlamlıq imkanlarından asılı olmayaraq idman, mədəniyyət və sair sahələrdən olan gənclərlə bir yerdə olmağından və məhz gənclər gününü belə bir fərqli mühitdə qeyd etməyindən məmnun olduğunu söyləyib. İdmanın gənclərin həyatda mühüm rolundan söz açan nazir müavini London 2012 Oyunları zamanı Azərbaycanın şərəfinin qoruyan olimpiyaçı və paralimpiyaçıların əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.
Milli Paralimpiya Komitəsinin icraçı direktoru Ş. Həmidov da bütün iştirakçıları Azərbaycan Gəncləri günü münasibətilə təbrik edib, belə bir günün təşkili üçün bütün təşkilatçılara, xüsusilə Gənclər və idman Nazirliyinin Gənclər idarəsinə və “İnkişaf Naminə İdman” İctimai Birliyə təşəkkürünü bildirib.
Rəsmi çıxışlardan və təbriklərdən sonra Bakı və Sumqayıt şəhərindən, həmçinin Abşeron rayonundan olan gənclər çıxış edib.
Tədbirin sonunda bütün iştirakçı qurumlar və gənclər 2 fevral Azərbaycan gəncləri günü münasibətilə hazırlanmış hədiyyə, sertifikat və diplomlarla təltif olunublar.