Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi konservləşdirilmiş məhsullar-zeytun, şoraba, marinadlar üzərində araşdırmalara başlayıb. Bu barədə APA-ya məlumat verən mərkəzin şöbə müdiri İmran Abdullayev deyib ki, araşdırmalara noyabrın 15-dən etibarən başlanılıb. Onun sözlərinə görə, 60 nümunə üzərində yoxlamanın aparılması planlaşdırılır: “Hisə verilmiş balıqlar üzərində aparılan araşdırmalar da hələ davam edir. Bütün bu proseslər gələn həftə yekunlaşacaq. Müxtəlif növ uşaq qidaları üzərində aparılan araşdırmalar isə artıq başa çatıb. Nəzərdə tutulan 75 nümunənin hər biri yoxlanılıb. Araşdırmalar nəticəsində qeyri-kafi nəticə yoxdur”.
İ.Abdullayev qeyd edib ki, növbəti yoxlamalar suxarı məmulatları, çay, qəhvə, spirtli içkilər üzərində olacaq.