Bakı. Könül Kamilqızı – APA. Bakıda müəllimlərin sıxlığı problemi çoxdan yaranıb və bu gün də davam edir. Paytaxt məktəblərində daha çox sıxlıq ingilis dili, Azərbaycan dili və ədəbiyyat fənni müəllimləri üzrə yaşanır.
APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, ibtidai sinif müəllimləri ilə bağlı problem artıq müəyyən qədər həll olunub: “Əvvəllər heç bir dərsi olmayan çoxlu sayda ibtidai sinif müəllimi var idi. Amma bu il Bakıda qəribə hal yaşandı. Belə ki, I sinfə qəbul olan uşaqların sayı 3 minə yaxın artdığı üçün ibtidai sinif müəlliminə ehtiyac yarandı. Hətta əlavə müəllimlər arasından seçim etdik. Bununla da mövcud problem nisbətən həll olundu”.
Şöbə müdiri qeyd edib ki, bu gün Bakının bəzi məktəblərində ingilis dili və Azərbaycan dili və ədəbiyyat müəllimləri arasında sıxlıq var: “Getdikcə əlavə müəllim qəbuluna icazə verilməməsi və 65 yaşlı müəllimlərin təqaüdə göndərilməsi nəticəsində Bakıda müəllimlərin sayının azalması tendensiyası gedir. Əgər sertifikasiyanı həyata keçirmək mümkün olsa, bu problemi birdəfəlik həll etmək mümkün olar”.
F.Qədirov paytaxtda və regionlarda çatışmayan müəllimlər barədə də məlumat verib: “Bakıda əsasən çatışmayan fənn müəllimləri fiziki tərbiyə, əmək, musiqi və informatika müəllimləridir. Rayonlarda daha çox kimya, fizika və coğrafiya fənləri üzrə müəllimlər çatışmır”.