Bakı. Könül Kamilqızı – APA. Bu gün Təhsil Nazirliyində “Azərbaycanda erqoterapiyanın tədrisi” mövzusunda dəyirmi masa keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) direktoru Qvendolin Berçel erqoterapiyanın tədrisi haqqında məlumat verərək Azərbaycanda bu sahədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən bəhs edib. UAFA təşkilatının meneceri Nuranə Abdullayeva “Erqoterapiya–reabilitasiyadan real həyata körpüdür” mövzusunda təqdimat-məruzə ilə çıxış edib.
Təhsil naziri Misir Mərdanov Azərbaycanda erqoterapiyanın tədrisi işinin genişləndirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və Fəaliyyət Planının hazırlanmasının zəruriliyini nəzərə çatdırıb. Nazir bu sahə üzrə ixtisaslı mütəxəssis hazırlığına başlanması üçün konkret tədbirlərin müəyyənləşdirilməsi barədə fikirlərini söyləyib və UAFA təşkilatı ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə inandığını bildirib.