APA-nın xəbərinə görə, iclasda çıxış edən TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib ki, müxtəlif dərsliklərin monitorinqi davamlı olaraq komissiyada təşkil olunur. Onun sözlərinə görə, hər bir iclasda olduğu kimi V sinif riyaziyyat dərsliyinin müzakirəsində də müəlliflər, təhsil ictimaiyyətinin nümayəndələri dərsliyin məzmunu ilə bağlı fikirlər, dərslikdəki səhvlər, dizayn, mövzuların uşaqların psixologiyasına uyğunluğu ilə bağlı müzakirələr aparılır. Artıq V sinif dərsliyi ilə bağlı təkliflər TQDK-ya təqdim olunub və onlar ümumiləşdirilərək məruzə şəklində qeyd olunub.
TQDK-nın Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri dərslikdə şagirdlərin yaş xüsusiyyətinə uyğun olmayan çalışmaların olduğunu qeyd ediblər. Bildirilib ki, kurrikulumda olmayan bəzi anlayışlar dərsliyə salınıb. Dərslikdəki bəzi mövzular V sinif yaş xüsusiyyətlərinə, bilik səviyyəsinə uyğun deyil. Müzakirələr zamanı mübahisə yaranıb. Dərslik müəllifləri, müəllimlər səsləndirilən fikirlərlə razılaşmayıb.
Müzakirələrdə dərslik müəllifləri, riyaziyyat fənni müəllimləri ilə yanaşı Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı da iştirak edir.