Bakı. Könül Kamilqızı – APA. Bəzi orqanların müraciəti ilə Azərbaycanda magistraturaya qəbul olunmuş bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə yenidən baxılması gözlənilir. APA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, hazırda bununla bağlı yekun qərarın hansı şəkildə olacağını demək mümkün deyil: “Təbii ki, bu məsələ bizim səlahiyyətimizdə deyil. Ona görə də bu barədə məlumat vermək bizim üçün çətindir. Biz hər il növbəti çağırışa kimi, yəni iyulun 1-dək magistraturaya qəbul imtahanlarını yekunlaşdırırıq ki, bu ilin məzunları imtahanda iştirak edərək magistraturaya qəbul olduqdan sonra hərbi xidmətə gedə bilsinlər”.
TQDK-nın şöbə müdiri əlavə edib ki, bakalavrlar daha çox elmi yaradıcılıqlarını davam etdirmək və elmi sahədə çalışmaq üçün magistratura təhsil almağı üstün tuturlar: “Ancaq görünür ki, hərbi xidmətlə əlaqədar oğlanların ali təhsil almalarında fasilənin yaranması onların yenidən elmi sahəsinə qayıtmasına çətinlik yaradır. Oğlanların arada bir il müddətinə hərbi xidmətdə olması onların magistraturada təhsillərini davam etdirməsinə müəyyən qədər mənfi təsir göstərir”.