Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi ilə bağlı müvafiq işlər görülür.
TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnaməyə edilən dəyişiklikdən sonra həmin fərmanın icrasından irəli gələn məsələlərlə bağlı komissiyada müvafiq müzakirələr aparılır və işçi plan hazırlanır. Onun sözlərinə görə, monitorinqlərin aparılması istiqamətində komissiyanın ayrı-ayrı şöbələri öz üzərilərinə düşən vəzifələri icra edəcəklər.
Monitorinq imtahanlarının nə vaxt keçiriləcəyinə gəlincə, TQDK sözçüsü bu barədə nəsə deməyin hələ ki tez olduğunu söyləyib: “İşçi plan hazırlandıqdan sonra imtahanların hansı qaydada və nə vaxt keçiriləcəyi barədə geniş məlumat veriləcək”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnaməyə dəyişiklik edilib. Əsasnamədə edilən dəyişikliyə əsasən, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib. Nazirlər Kabinetinə və digər aidiyyəti strukturlara fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.