APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, Təhsil Nazirliyi qərar qəbuledici qurumdur və bu sahədə siyasəti müəyyənləşdirir.
M. Abbaszadənin sözlərinə görə, bu monitorinqlərin dərsliklərin hazırlanması, müəllif kollektivinin formalaşmasında şəffaflıq yaranmasına təsiri olacaq: “Artıq bu prosesə qoşulmaq istəyən hər kəs başa düşəcək ki, onun müəllifi olduğu dərslik müzakirəyə cəlb ediləcək. Ona görə də xəlvəti proses getməyəcək. Bu sahədə şəffaflıq yarandıqda isə korrupsiya faktları olmayacaq. Bir məsələni də qeyd edim ki, əgər ictimaiyyət dərslik müəllifinin elə də güclü mütəxəssis olmadığını deyirsə, bu, seminarlar zamanı da açıq-aşkar müəyyən olunur. O zaman korrupsiya meylli olan “mütəxəssislər” bu prosesə qoşulmayacaq və bunun da nəticəsində dərsliklərin keyfiyyəti qalxacaq”.
Azərbaycanda təvazökar müəlliflərin olduğunu da deyən TQDK sədrinin sözlərinə görə, belə müəlliflər aşkarlanan nöqsanları və verilən təklifləri məmnuniyyətlə qəbul edirlər: “Həm şəffaflıq mədəniyyəti olmayan insanları bu proseslərdən uzaqlaşdırırıq, həm də mütəxəssislər bu prosesdən töhfələr alır. Çünki onlar müəllifi olduqları dərsliklərlə bağlı mütəxəssislərin fikirləri ilə tanış olurlar”.