Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, türkdilli ölkələrin əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən danışan Misir Mərdanov xalqların daha da yaxınlaşması üçün təhsil sahəsindəki əlaqələrin dərinləşdirilməsinin zəruriliyini nəzərə çatdırıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı təhsil sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs edib. Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə toxunan Xəlil Akıncı, həmçinin ortaq tarix və ədəbiyyat dərsliklərin hazırlanması işinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Universitetlərarası əlaqələrin inkişafı barədə fikirlərini bildirən baş katib tədris proqramlarının uyğun hazırlanması, diplomların qarşılıqlı tanınması və ortaq təhsil telekanalının yaradılması məsələlərinin əhəmiyyətinə diqqət çəkib. Baş katib Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin müvafiq mütəxəssislərinin görüşünün keçirilməsinin nəzərdə tutulduğunu söyləyib, müvafiq təkliflərlə bağlı ortaq fikrə gəlməyin mümkünlüyünü qeyd edib.
Təhsil naziri Misir Mərdanov da türkdilli ölkələrin ortaq təhsil telekanalının yaradılmasının gərəkli olduğunu vurğulayıb.