Bakı. Etibar Məmmədov - APA. “Azərbaycan dövlətini, onun inkişafını istəməyənlər az deyil”. APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva Atatürk Mərkəzində Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin təşəbbüsü ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdəki çıxışında bildirib.
QHT-lərin, hökumət nümayəndələrinin və tələbələrin qatıldığı tədbirdə çıxış edən Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov sovet ordusunun yüzdən artıq insanı şəhid etdiyini vurğulayıb. O, şəhidlərin azadlıq uğrunda mübarizəsinin nəticəsiz qalmadığını, bu gün ölkəmizin müstəqil və sürətli inkişafa nail olduğunu deyib: “Azərbaycan ordusu bu gün Cənubi Qafqazın ən güclü ordusudur və hər an işğal altındakı torpaqlarımızı xilas etməyə qadirdir”.
Hər bir orduda itkilərin təbii olduğunu, lakin xarici ünsürlər tərəfindən Azərbaycan ordusunun əleyhinə sosial şəbəkələrdə təbliğatın təəssüfləndirici hal olduğunu bildirən sədr bu informasiyaların həqiqəti əks etdirmədiyini deyərək, gəncləri bu tipli təbliğatlara uymamağa çağırıb.
Millət vəkili Qənirə Paşayeva isə 20 Yanvar faciəsinin həm də Azərbaycan xalqı üçün qəhrəmanlıq tarixi olduğunu bildirib. Onun sözlərinə görə, hər bir gəncimiz düşünməlidir ki, şəhidlərdən örnək götürmək lazımdır: “Çünki onlar vətənin, millətin azadlığı, müstəqilliyi uğrunda canlarını verdilər. Şəhidlər Sovet imperiyasına və bütün dünyaya göstərdilər ki, millətin azadlığını boğmaq olmaz”.
Ermənistanın Azərbaycan torpaqlarını işğalla kifayətlənmədiyini deyən Q.Paşayeva düşmənin həmçinin internet və sosial şəbəkələrdə də dövlətimizin əleyhinə informasiyalar yaydığını qeyd edib: “Əgər sosial şəbəkələrdə millətimizə qarşı yalanlar, böhtanlar varsa, gənclərimiz ona qarşı savaşmalıdırlar. Hər birimiz bu sahədə də əsgər olmalıyıq. Bu, bizim şəhidlərimizin xatirəsi qarşısında öhdəmizə düşən bir vəzifədir”.
Tədbirdə digər çıxışlar da dinlənilib.