Bakı. Etibar Məmmədov-APA. Bu gün Bakıda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və Türkiyə Cümhuriyyəti Ege Universiteti Tibb Fakültəsi Ortopediya və Travmatologiya kafedrasının birgə təşəbbüsü ilə elmi-praktik konfransı keçirib. APA-nın məlumatına görə, konfransda çıxış edən institutun direktoru Vaqif Verdiyev türkiyəli mütəxəssislərin 3 gün ərzində Bakıda 10-dan artıq cərrahiyyə əməliyyatı aparacaqlarını deyib. O, Azərbaycanda səhiyyənin inkişafının Türkiyə dövləti ilə əməkdaşlıq sayəsində daha da sürətlənəcəyini vurğulayıb. V. Verdiyev Azərbaycanın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Türkiyənin tanınmış təhsil və müalicə mərkəzlərindən biri olan Ege Universiteti ilə 2009-cu ildən etibarən elmi və praktiki əməkdaşlıq müqaviləsi əsasında təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi sahəsində əməkdaşlığından da bəhs edib.
Sonra türkiyəli cərrah-ortopedlər ortopediya və travmatologiya haqqında məruzə ediblər.