Bakı. Könül Kamilqızı - APA. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 9-cu baxışı üzrə kliniki modifikasiya və XBT-nin 10-cu baxışı Azərbaycan dilinə tərcümə olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu baxışlar müvafiq stasionar müəssisələrə paylanmaq məqsədilə çap edilib.
Stasionarların fəaliyyətinə dair məlumatların kodlaşdırılması və elektron qaydada məlumat bazasına daxil edilməsi üçün zəruri hesab edilən bu təsnifatlara dair bütün stasionar müəssisələrin həkimləri arasında 2013-cü ilin fevral-mart ayları ərzində təlimlərin keçirilməsi nəzərdə tutulur. Yuxarıda qeyd olunanlar Azərbaycanda bütün xəstələnmə və ölüm hallarının, habelə cərrahi əməliyyatların beynəlxalq təsnifata uyğun kodlaşdırılması, ölkə səviyyəsində stasionarların fəaliyyətinin davamlı monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi, o cümlədən beynəlxalq miqyasda xəstələnmə, ölüm halları və cərrahi əməliyyatlar üzrə müqayisəli təhlillərin aparılmasına imkan verəcək.