Azərbaycanda 12 illik təhsillə keçidlə əlaqədar Təhsil Qanunvericiliyində müəyyən dəyişiklər aparılacaq

Azərbaycanda 12 illik təhsillə keçidlə əlaqədar Təhsil Qanunvericiliyində müəyyən dəyişiklər aparılacaq
# 11 mart 2016 09:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanda 12 illik təhsilə keçidlə əlaqədar Təhsil qanunvericiliyində müəyyən dəyişiklərin aparılması müzakirə obyektidir. Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov APA-ya açıqlamasında deyib ki, 2009-ci ildə qəbul edilən Təhsil Qanunu çərçivə qanunudur. Onun sözlərinə görə, bunun əsasında təhsilin ayrı-ayrı pillələri üzrə qanunlar qəbul olunacaq: “Parlamentdə Məktəbəqədər təhsil üzrə qanunun qəbulu ilə bağlı artıq işlər başlayıb. Biz 5 yaşdan daha çox uşağın məktəbə hazırlığa cəlb olunmasına nail olmalıyıq. Bugünkü təcrübə onu göstərir ki, 5 yaşından hazırlıq keçən uşaqlar məktəbə gedəndə daha hazırlıqlı və çevik olur, mövcud standartları daha asan mənimsəyirlər. O da reallıqdır ki, bu gün Azərbaycanın bütün məktəblərində 5 yaşlıların məktəbə hazırlığa cəlb edə bilmirik. Məqsəd odur ki, bunu daha da artıraq”.

Q.Novruzov qeyd edib ki, hazırda 12 illik təhsilə keçid zamanı uşaqların məktəbə qəbulla bağlı yaş məsələsi, təhsilin strukturu, ibtidai təhsil, orta təhsil, tam orta təhsilin necə olacağı və digər mövzular müzakirə edilir və Təhsil Nazirliyində belə müzakirələr aparılır. Direktor ümid edib ki, yekunda 12 illik təhsilə keçidin strukturunun necə olması barədə qərara gəlinəcək. Onun sözlərinə görə, bu məsələlər ətrafında ciddi müzakirə və araşdırmalar gedir: “Ayrı-ayrı təhsil pillələri üzrə qanunlar qəbul olunanda detallar orada əksini tapacaq. 12 illik təhsilə keçiddən sonra uşaqların ali məktəbə qəbul olması məsələsi həllini tapa bilən məsələdir. Burada hansısa çətinliyin olacağına inanmıram. 12 illik təhsilə keçmiş kifayət qədər ölkələr var ki, onların da müəyyən təcrübələri var. Hərbi məsələsinə gəlincə bu bizim institutun kompitensiyalarına aid olan məsələ deyil”.

12 illik təhsilə keçidlə bağlı fənlərin məzmununa da dəyişiklik edilməsini vacib hesab edən Q.Novruzovun sözlərinə görə, bugünkü reallıq odur ki, Azərbaycanda tədris olunan fənlərin sayı digər aparıcı ölkələrlə müqayisədə çoxdur. Onun fikrincə, əsas məqsəd uşaqlara daha çox fənn öyrətmək yox, keyfiyyətli tədris verməkdir. Burada fənlərin inteqrasiyası (birləşdirilməsi) nəzərdə tutulur.

“Azərbaycanda 12 illik təhsilə keçid prezidentin təsdiq etdiyi Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında əksini tapıb. Bu dövlətin siyasi iradəsidir. Bu gün dünyada təqribən 180 yaxın ölkədə 12 illik təhsil tətbiq edilir. Hazırlıqlı, səriştəli, bacarıqlı yeni nəsil yetişdirmək istəyiriksə, bunu 11 ildə həyata keçirmək çətinliklər törədir. Təcrübə göstərir ki, bu gün vətəndaş, şəxsiyyət, bilikli, bacarıqlı yeni nəsil hazırlığını 11 ildə həyata keçirmək müəyyən çətinliklər törədir. Bugünkü təhsilin xarakteri dəyişilib. Onun missiyası yalnız bilik vermək deyil, biliyi əldə etmək, tədqiqatçılıq bacarıqları, tənqidi təfəkkürün formalaşması, səriştəyönümlü təhsilə yiyələnmə bacarıqları daha çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR