Rafael Cəbrayılov: “Şirvanda süni şəkildə yaralananların və ölənlərin sayını şişirdirlər ki, ictimaiyyəti qəsdən çaşdırsınlar”

Rafael Cəbrayılov: “Şirvanda süni şəkildə yaralananların və ölənlərin sayını şişirdirlər ki, ictimaiyyəti qəsdən çaşdırsınlar”
# 27 iyul 2016 15:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Bu gün müdafiə sənayesi naziri Yavər Camalov ilə birgə Şirvanda nazirliyin zavodu ərazisində baş verən partlayış ərazisində olduq, hadisə zamanı xəsarət alan yaralılarla, dünyasını dəyişən 2 şəxsin ailələri ilə görüşdük. Şəhərdə heç bir ajiotaj yoxdur, hazırda tam sabitlikdir və hər kəs bunu bir qəza olduğunu deyir”. Bunu APA-ya açıqlamasında Milli Məclisə Şirvan şəhərindən seçilmiş deputat Rəfael Cəbrayılov ötən gün şəhərdə MÜdafiə Sənayesi Nazirliyinin zavodunda baş vermiş partlayışla bağlı son durumu şərh edərkən bildirib.

O qeyd edib ki, süni şəkildə yaralananların və ölənlərin sayını şişirdirlər ki, ictimaiyyəti qəsdən çaşdırsınlar: “Hadisə zamanı iki nəfər dünyasını dəyişib. Onlardan biri mənim atam evi ilə qonşuluqdadır. Bu gün bizim iştirakımız ilə dəfn olundular. Xəstəxanada yerləşən 5 nəfər yaralı da var ki, onların da heç bir həyati təhlükəsi yoxdur. Ümumilikdə 24 nəfər müraciət edib ki, qalanlarına da yaraları çox yüngül olduğu üçün ambulator yardım göstərilərək evlərinə buraxılıb. Bu gün hamısına baş çəkib tək-tək söhbət etdik. Hamısı bunun bir qəza olduğunu bildirdilər. Necə ki, bu, istənilən ölkədə baş verə bilər. Ümumi xəsarət alanlar bu qədərdir və bundan artıq heç bir tələfat yoxdur. Olsa belə Şirvan kimi şəhərdə bunu gizlətmək mümkün deyil. Sadəcə Şirvanda bəzi insanlar var ki, jurnalist adı ilə çıxış edərək hadisədən siyasi ajiotaj yaratmaq istəyirlər, yerli camaatın dövlət qurumlarına, onların deputatına qarşı narazılıq yaratmaq istəyirlər. Amma halbuki biz bu gün xəstəxanada və dəfn yerlərində olarkən həmin şəxsləri nəinki orda olmadığını görmədik, heç onların xəsarət alanların ailələri ilə təması olmadığını öyrəndik. Demək ki, bu rəqəmləri özlərindən şişirdib səs-küy yaratmaq istəyirlər. Halbuki, Şirvan camaatı belə təxribata heç vaxt getmir və bu gün də görüşlərimiz də bunun şahidi olduq”. Deputat onu da qeyd edib ki, hadisə zamanı yaxınlıqdakı evlər də yüngül xəsarət alıb ki, dəymiş zərər Müdafiə Sənayesi Nazirliyi tərəfindən qarşılanacaq: “Nazir bu gün mənimlə birgə bütün xəsarət alanlarla görüşüb öz dəstəyini ifadə etdi”.

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR