Bakıda Azərbaycan-İran işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-İran işgüzar görüşü keçirilib
# 25 fevral 2016 10:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycan-İran işgüzar görüşü keçirilib.

APA-Economics”in məlumatına görə, işgüzar görüşdə əsasən İranın Şərqi Azərbaycan əyalətindən olan nümayəndələr iştirak edib.

İşgüzar görüşdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, son iki ildə Azərbaycan və İran arasında çox geniş əlaqələr başlanılıb: “Bu günə qədər 12 biznes forum keçirilib, 60-dan artıq ikitərəfli sənəd imzalanıb. Bu əlaqələr iki ölkənin başçılarının sayəsində daha da genişlənib”.

Nazir müavini qeyd edib ki, Azərbaycan İranla əlaqələri daha genişləndirməkdə maraqlıdır: “Bu günə qədər İran Azərbaycana 1,2 milyard dollar sərmayə yatırıb. Bu gün iki ölkə arasında olduqca yüksək iqtisadi-siyasi əlaqələr mövcuddur. Elə bir sahə yoxdur ki, orada iki ölkə arasında əməkdaşlıq mövcud olmasın.”

S. Babayev deyib ki, hazırda İranın Azərbaycanda 430-dan artıq şirkəti fəaliyyət göstərir. “Bu şirkətlərin əksər hissəsi qeyri-neft sahəsini əhatə edir. Ancaq biz bunu daha da genişləndirə bilərik və buna böyük imkanlar mövcuddur. Azərbaycanın “Azpromo”su İran şirkətlərinə, biznes nümayəndələrinə geniş imkanlar təqdim etməyə hazırdır”, - deyə S. Babayev qeyd edib.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə bildirib ki, İran Azərbaycanda bütün sahələrin yaxınlaşmasında maraqlıdır və buna böyük önəm verir: “Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərindən sonra belə bir görüşün keçirilməsi bu münasibətlərə verilən önəmin göstəricidir. İlham Əliyevin İrana səfəri çox tarixi bir səfərdir və səfər çərçivəsində 11 sənəd imzalanıb. Bu görüşlərdə daha sevindirici xəbər bu oldu ki, İran vətəndaşları Azərbaycana gəlməsi üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı əldə edib. Ümid edirəm ki, bu ilin birinci yarısının sonunda bununla bağlı sevincli xəbərlər eşidəcəyik. İki ölkə arasında bank əməliyyatlarının ediləcəyinin də şahidi olacağıq. Gömrük rüsumlarının azaldılması sahəsində də xeyli irəliləyişlər olacağına ümid edirik”, səfir bildirib.

Qeyd edək ki, tədbirdə mədən, qida, kimya, yüngül sənaye, tikinti və mebel sənayesi sahəsində fəaliyyət göstərən 25-dən çox iranlı iş adamı iştirak edib.

Sonda iki ölkənin sahibkarlıq subyektləri və biznes nümayəndələri arasında təkbətək görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR