Avrasiya Akademiyasının açılışı və “Avrasiya Əfsanəsi” mükafatının təqdimat mərasimi keçirilib

Avrasiya Akademiyasının açılışı və “Avrasiya Əfsanəsi” mükafatının təqdimat mərasimi keçirilib
# 29 yanvar 2016 14:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakıda Avrasiya Akademiyasının rəsmi açılışı və “Avrasiya Əfsanəsi” mükafatının təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, professor Hamlet İsaxanlı bildirib ki, Avrasiya Akademiyası 28 sentyabr 2012-ci ildə Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. O deyib ki, Avrasiya Akademiyasının qurucuları professor Halil İnalcık, professor Lütfi Zadə, professor Mahmur Qazi Yaşargil, bəstəkar Arif Məlikov və onun özüdür: “Avrasiya Akademiyasının baş idarəsi Azərbaycanda yerləşir. Akademiyanın 30 yaşayan üzvü olacaq. Üzvlərdən biri dünyasını dəyişəcəyi təqdirdə, akademiyaya yeni üzv seçiləcək. Qeyd etmək istərdim ki, dünyada akademiyalar yalnız elmi-tədqiqat mərkəzlərindən ibarət deyil”.

H. İsaxanlı qeyd edib ki, akademiya tərəfindən “Avrasiya Əfsanəsi” mükafatı təsis olunub: “Avrasiya Akademiyasının 5 - İbn Sina, Nəsirəddin Tusi, İbn Xəldun, Mirzə Fətəli Axundzadə və Üzeyir Hacıbəyli medalları hazırlanıb. İbn Sina medalı fəlsəfə və tibb sahəsində uğur qazanmış görkəmli şəxslərə, Nəsirəddin Tusi medalı dəqiq və təbiət elmləri sahəsində uğur qazanmış görkəmli şəxslərə, İbn Xəldun medalı tarix və humanitar sahədə uğur qazanmış görkəmli şəxslərə, Mirzə Fətəli Axundzadə medalı ədəbiyyat, kino və teatr sahəsində uğur qazanmış görkəmli şəxslərə, Üzeyir Hacıbəyli medalı isə musiqi və incəsənət sahəsində uğur qazanmış şəxslərə təqdim ediləcək”.

Akademiyanın işinə uğurlar arzu edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, Avrasiya Akademiyasında yaşlı insanların toplanmasına baxmayaraq, Akademiyanın fəaliyyəti gənclərin elmə həvəsləndirilməsində əvəzsiz rol oynayacaq.

“Avrasiya Əfsanəsi” mükafatı Türkiyədə H. İnalcıka, ABŞ-da Lütfi Zadəyə, Bakıda isə A. Məlikov, M. Q. Yaşargil və H. İsaxanlıya təqdim olunub.


Tədbirdə müxtəlif ölkələrdən qonaqlar, seçilmiş elm adamları, millət vəkilləri, səfirlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR