Azərbaycan prezidenti BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinə “Dostluq” ordenini təqdim edib

Azərbaycan prezidenti BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinə “Dostluq” ordenini təqdim edib
# 22 aprel 2016 14:47 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 22-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Nassir Abdulaziz Al-Nasserin Azərbaycanın yaxın dostu olduğunu, BMT-Azərbaycan tərəfdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynadığını deyib.

Prezident BMT-nin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində və mədəniyyətlərarası dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Nassir Abdulaziz Al-Nasserin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser tolerantlığın və dialoqun inkişafı baxımından ölkəmizin önəmini qeyd etdi, xüsusilə prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun təbliğindəki liderliyini yüksək qiymətləndirib.

Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlət başçısına minnətdarlığını ifadə edən Nassir Abdulaziz Al-Nasser bu ordenə layiq görülməsindən qürur hissi keçirdiyini bildirib. O, prezident İlham Əliyevin BMT-Azərbaycan əməkdaşlığının genişləndirilməsi işində rəhbərliyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumunun əhəmiyyətindən danışıldı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından tədbirin rolu xüsusi qeyd olunub, əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR