Nazir: “Bu il Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 30% artıb”

Nazir: “Bu il Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 30% artıb”
# 06 aprel 2016 16:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpuru qəbul edib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin mövcud vəziyyətindən və inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin ölkələr arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan prezidenti İlham Əliyevin fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verib.

İqtisadi sahədə əlaqələrin inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə Ş. Mustafayev Azərbaycan və İran arasında möhkəm hüquqi bazanın yaradıldığını, iqtisadiyyatın bir sıra sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyini, 2016-cı ilin ötən dövründə ticarət dövriyyəsinin həcminin 30% artdığını qeyd edib. Bildirilib ki, hazırda kənd təsərrüfatı, turizm, bankçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür. Ölkələrimiz arasında əməkdaşlığın vacib istiqamətlərindən olan nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.

İ. Rəhimpur ölkəsinin Azərbaycanla əlaqələrinin yüksək səviyyədə olduğunu, İranın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR