Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Parisdə bir sıra görüşlər keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Parisdə bir sıra görüşlər keçirib
# 05 dekabr 2015 00:40 (UTC +04:00)

Bakı-APA. Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında (COP21) iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bir sıra görüşlər keçirib.

APA-nın məlumatına görə, Leyla Əliyeva dekabrın 4-də Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) icraçı direktoru Marta Jiqeti Bonifert ilə görüşüb.

Görüşdə IDEA və REC arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və gələcəkdə birgə layihələrin reallaşdırılması üzrə müzakirələr aparılıb. Leyla Əliyeva IDEA İctimai Birliyinin fəaliyyəti və əldə etdiyi uğurlar barədə həmsöhbətinə geniş məlumat verib. Qeyd olunub ki, IDEA-nın Bakı və Gəncə şəhərlərində yerləşən müasir Resurs mərkəzləri gənclərin ətraf mühit sahəsində biliklərinin dərinləşdirilməsinə xidmət edir. Xanım Bonifert IDEA ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və birgə səylərin bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını ifadə edib. O, həmçinin IDEA-nın fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi olaraq vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Riçard Kinli ilə də görüşüb. Leyla Əliyeva təsisçisi və rəhbəri olduğu IDEA-nın həyata keçirdiyi milli və regional layihələr, eləcə də beynəlxalq tərəfdaşları barədə Riçard Kinliyə ətraflı məlumat verib. Qeyd olunub ki, cəmi 4 ildir fəaliyyət göstərən IDEA BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) Tərəflər Konfransı, Ümumdünya Təbiət Fondu (WWF) və Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi (IUCN) kimi aparıcı təşkilatlara üzv olub və bir çox digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri qurub. Riçard Kinli IDEA-nın Azərbaycanda biomüxtəlifliyin bərpası və ictimai maarifləndirmə sahələrində geniş təcrübə qazandığını və bu baxımdan hər iki təşkilat arasında əməkdaşlıq üçün əlverişli zəmin olduğunu bildirib. Görüşdə tərəflər IDEA-nın UNFCCC-yə üzvlüyü, Bakıda iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi, yerli mütəxəssislər üçün təlim və treninqlərin təşkil olunması, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi və s. sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.Görüşdən sonra Leyla Əliyeva COP21 pavilyonlarına baş çəkib və növbəti COP22 Konfransına ev sahibliyi edəcək Mərakeşin ekspozisiyası ilə tanış olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada Mərakeşin ətraf mühit naziri xanım Hakima El Haite ilə görüşüb.

Leyla Əliyeva həmçinin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi xanım Monik Barbut ilə görüşüb. Görüşdə IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Görüşdə Leyla Əliyeva ölkəmizdə şoran torpaqların münbitliyinin artırılması və meşə ərazilərinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Fəaliyyət göstərdiyi 4 il ərzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkə ərazisində ümumilikdə 5 milyondan artıq ağac əkilib. Monik Barbut UNCCD-də akkreditə olması münasibətilə IDEA-nı təbrik edib. O, UNCCD-nin əsas prioritetləri, eləcə də həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. M.Barbut, həmçinin ölkəmizdə səhralaşma və meşə sahələrinin qıtlığı probleminin həllində vətəndaş cəmiyyətinin, xüsusilə də IDEA-nın önəmli rol oynaya biləcəyini vurğulayıb. Tərəflər Azərbaycanda və regionda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili perspektivlərini də müzakirə ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Parisdə Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) baş direktoru xanım İnger Andersen ilə görüşüb. IDEA-nın fəaliyyətindən danışan Leyla Əliyeva IDEA və IUCN arasında mövcud əməkdaşlıq barədə ətraflı məlumat verib. Leyla Əliyeva bildirib ki, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bundan faydalanmaq zəruridir. Bu xüsusda, tərəflər təhsil, fauna və floranın mühafizəsi, xüsusi mühafizə olunan ərazilərin idarə edilməsi, ictimai maarifləndirmə və s. sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Xanım İ.Andersen təmsil etdiyi təşkilatın IDEA ilə əməkdaşlıqdan məmnun olduğunu və gələcəkdə bu tərəfdaşlığın daha da inkişafını arzu etdiklərini diqqətə çatdırıb. İ.Andersen 2014-cü ildə IUCN tərəfindən Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresində IDEA-nın fəal iştirakını xüsusi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR