SOCAR genişmiqyaslı ağacəkmə kampaniyasına start verib

SOCAR genişmiqyaslı ağacəkmə kampaniyasına start verib
# 02 aprel 2016 17:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. SOCAR-ın həyata keçirdiyi ekoloji siyasətə uyğun olaraq hər il yaz və payız mövsümlərində genişmiqyaslı iməciliklər keçirilir, idarə və müəssisələrin əraziləri istehsalat tullantılarından təmizlənir, yüksək səviyyədə abadlıq, yaşıllaşdırma işləri görülür, əvvəllər salınmış yaşıllıqlara aqrotexniki qulluq göstərilir.SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız” tövsiyəsi SOCAR-da uğurla yerinə yetirilir. Yaz mövsümü ilə əlaqədar aprelin 2-də şirkətin bütün strukturlarında şənbə iməcilikləri keçirilib.

Aksiya ölkənin bütün ərazisini əhatə edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Abşeronneft” NQÇİ-nin mədən ərazisinə gəlib, keçirilmiş iməcilikdə iştirak edib, ağac əkib, ekoloji vəziyyətlə maraqlanıb, yaşıllaşdırma işləri ilə tanış olub. SOCAR prezidentinə bildirib ki, NQÇİ-nin kollektivi idarənin yerləşdiyi Pirallahı adasında ekoloji tarazlığın bərpası məqsədi ilə mühüm işlər görür. İndiyədək 13,5 hektarlıq ərazi bioremediasiya üsülu ilə neft şlamından təmizlənib, İdarənin daxili imkanları hesabına 16,5 hektarlıq sahə abadlaşdırılıb və həmin sahələrdə 37 mindən artıq ağac, müxtəlif növ gül kolları əkilib. Quyuların yeraltı və cari təmiri zamanı istifadə olunan lay sularının saxlanılması üçün qapalı qurğular hazırlanaraq özüllərdə quraşdırılıb, dəniz suyunu şirinləşdirən, sutkalıq gücü 500 kubmetr təşkil edən “ƏKS-OSMOS” qurğusu istifadəyə verilib. Qeyd olunub ki, bu dəfəki iməcilik zamanı ərazinin təbii xüsusiyyətlərinə uyğun olan 2500-dən artıq ağac və gül bitkilərinin əkilməsi, mövcud yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilməsi, ağacların diblərinin yumşaldılması və abadlıq işlərinin aparılması nəzərdə tutulur.

Bundan başqa qeyd olunub ki, SOCAR 2006-cı ildən neftlə çirklənmiş mədən ərazilərində ekoloji tarazlığın bərpasına yönəlmiş intensiv və təxirəsalınmaz tədbirlər həyata keçirib və böyük uğurlar qazanıb. Belə ki, indiyədək “Bibiheybətneft” NQÇİ-nin neft və neft məhsulları ilə çirklənib, lay suları altında qalmış 320 hektar ərazisi rekultivasiya olunub, təbii landşaft arxitektura planına uyğun bərpa edilib. Torpaq-bitki örtüyünün bərpası məqsədilə indiyədək mədən ərazisində 92 minə yaxın müxtəlif növ ağac və kol bitkiləri əkilib, rekultivasiya olunmuş sahələrdə geniş infrastruktur layihələri həyata keçirilib, genişzolaqlı magistral şose yolu çəkilib. Digər neft və qazçıxarma idarələrinin istismarında olan mədən ərazilərində də lay sularının idarə olunmasının qapalı sistemə keçirilməsi, çirklənmiş torpaqların təmizlənməsi, yaşıllıqların salınması istiqamətində görülmüş məqsədyönlü tədbirlər müsbət nəticələr verib.

“Abşeronneft” NQÇİ-nin neftlə çirklənmədən təmizlənmiş mədən ərazisində ağac əkən R. Abdullayev ölkənin ekoloji durumunun daha da yaxşılaşdırılması istiqamətində Dövlət Neft Şirkəti tərəfindən görülən işləri yüksək qiymətləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə ətraf mühitin qorunması istiqamətində geniş vüsət alan ekoloji hərəkatda SOCAR-ın öncül rol oynadığını bildirən R. Abdullayev Azərbaycanda ekoloji durumun daha da yaxşılaşdırılması məqsədi ilə keçirilən bu genişmiqyaslı ağacəkmə aksiyasını ətraf mühitin qorunması işinə neftçilərin verdiyi töhfə kimi qiymətləndirib.

Aprelin 2-də keçirilmiş şənbə iməciliyinə SOCAR-ın bütün idarə və müəssisələri, o cümlədən “Azneft” İB-nin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələri, “Azəriqaz” İB-nin qaz istismar sahələri, “Azərikimya” İB-nin zavodları, Heydər Əliyev adına Neft Emalı Zavodu, Qaz İxrac İdarəsi, “Neftqaztikinti” Tresti və Neft Kəmərləri İdarəsinin müəssisə və istehsalat bölümlərinin kollektivləri fəal surətdə qoşulublar. Geofizika və Geologiya, Marketinq və İqtisadi Əməliyyatlar, Təlim, Tədris və Sertifikatlaşdırma, Ekologiya, Dalğıc-qəza və xilasetmə işləri”, Nəqliyyat və Sosial İnkişaf İdarələri, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Qaz Emalı Zavodu və digər istehsalat kollektivləri iməciliyə öz müəssisələrinin ərazilərində çıxıblar. Ümumilikdə, SOCAR-ın təxminən 25 min əməkdaşının iştirak etdiyi şənbə iməciliyində 6000-dən artıq ağac və gül kolu əkilib. Əkilən ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - şam, çinar, Avropa zeytunu, Eldar şamı, zeytun ağaclarına, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR