Qusarda ümumi dəyəri 12 mln. manat olan logistik mərkəz yaradılır

Qusarda ümumi dəyəri 12 mln. manat olan logistik mərkəz yaradılır
# 28 yanvar 2016 07:05 (UTC +04:00)

Bakı - APA-Economics. Qusar Logistika Mərkəzinin və Bağçılıq Təsərrüfatı ilk olaraq sərmayə qoyuluşuna Qusar rayonunda 50 hektar intensiv alma bağlarının salınması ilə başlayıb. “APA-Economics” xəbər verir ki, bu barədə Qusar Logistika Mərkəzinin və Bağçılıq Təsərrüfatının baş direktoru Elnur Mənsimov deyib.

“Əsas hədəfimiz dünyanın ən son texnologiyalarını tətbiq etməklə beynəlxalq tələblərə cavab verən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə logistik mərkəz yaratmaq və intensiv üsullarla meyvə bağları salmaqdır. Ümumi dəyəri 12 milyon manat, tutumu 12 min ton olan logistik mərkəzin inşası layihəsinin reallaşdırılmasında dövlətin 5 milyon manat güzəştli kredit vəsaitindən istifadə etdik. Tikinti-quraşdırma işlərinə 2014-cü ilin əvvəlindən başlasaq da, dövlətimizin hərtərəfli dəstəyi və qayğısı nəticəsində qısa vaxt ərzində layihəni uğurla başa çatdırdıq. Logistik mərkəzin tikintisində Almaniya, Niderland və inkişaf etmiş digər Avropa ölkələrinin ən son texnika və texnologiyalarından, meyvə bağlarının salınmasında isə məhsuldar meyvə tinglərindən istifadə etmişik”, - deyə E. Məsimov bildirib.

Baş direktor bildirib ki, təsərrüfatın mövcud meyvə bağlarında istehsal edilən məhsullar “Qusar” markası adı altında həm ölkə daxilində satılır, həm də Rusiya və MDB ölkələrinə ixrac edilir: “Gələcək planlarımız ixrac coğrafiyamızı daha da genişləndirərək Avropa və Asiya bazarlarına çıxmaq və məhsullarımızın öz milli brendlərimiz altında satışını həyata keçirməkdir. Eyni zamanda, maliyyə resurslarımızı cəlb etməklə mövcud meyvə bağlarımızın sahəsini 500 hektara qədər artırmağı, məhsuldarlığı və xəstəliklərə qarşı dözümlülüyü ilə seçilən tinglərin yerli sortlar ilə calaqaltı edilərək yetişdirilməsini və logistik mərkəzin tutumunu 30 min tona çatdırmağı nəzərdə tuturuq. Bu intensiv bağların salınmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməyi planlaşdırırıq. Lakin yay mövsümündə meyvə bağlarının suvarılmasında müəyyən çətinliklərimiz olur. Bununla əlaqədar olaraq, suvarma suyuna olan tələbatımızın təmin edilməsi ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik. Bu məsələ həllini tapdığı təqdirdə, bizimlə yanaşı, regionda fəaliyyət göstərən fermerlərin də yeni intensiv meyvə bağları salmasına şərait yaranacaq və nəticədə istehsal və ən əsası ixrac potensialımız kifayət qədər artacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR