İqtisadiyyat Nazirliyi QHT-lərlə əməkdaşlığı genişləndirməyi planlaşdırır

İqtisadiyyat Nazirliyi QHT-lərlə əməkdaşlığı genişləndirməyi planlaşdırır
# 07 aprel 2016 08:00 (UTC +04:00)

Bakı - APA-Economics. Aprelin 6-da İqtisadiyyat Nazirliyinin nümayəndələri qeyri-hökumət təşkilatları (QHT) rəhbərləri ilə görüş keçirib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə 20-dək iqtisadi sahədə fəaliyyət göstərən ictimai birlik rəhbəri iştirak edib.

İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov və Sahib Məmmədov ictimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılmasının vacibliyini vurğulayıblar.

Qarşılıqlı dialoq formatında keçirilmiş tədbirdə "İctimai iştirakçılıq haqqında" Qanundan irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə "İqtisadi inkişaf" ekspert şurasının Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə yaradıldığı bildirilib və şuranın təkliflər hazırladığı istiqamətlər barədə məlumat verilib.

Ekspert Şurasının üzvləri iqtisadi fəallığın artırılması, sahibkarlığın və biznes mühitinin inkişafı, istehlakçı hüquqlarının qorunması, ticarət qaydalarının təkmilləşdirilməsi, istehlak kreditləri, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, maarifləndirmə tədbirlərində ictimai birliklərin iştirakı və s. istiqamətlərdə təkliflər səsləndirib.

Müzakirələrdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafında, ictimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılmasının əhəmiyyəti vurğulanıb.

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edərək bu cür görüşün ilk dəfə keçirildiyini, belə tədbirlərin ictimai təşkilatlarla dövlət orqanları arasında əlaqələrin inkişafında rolunu diqqətə çatdırıblar.

Tədbirdə ictimai birlik rəhbərlərinin sualları cavablandırılıb, səsləndirilən bir sıra təkliflərin daha ətraflı araşdırılması üçün görüşlərin davamlı olaraq keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR