Lənkəranda şəhid zabitin medalı ailəsinə təqdim olunub

Lənkəranda şəhid zabitin medalı ailəsinə təqdim olunub
# 30 mart 2016 11:17 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycan Ordusunun şəhid zabiti Qalib Laim oğlu Zülfüqarlının müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün ailə üzvlərinə təqdim edilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Lənkəran rayonunun Vilvan kəndində medalın təqdim olunma mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş Qalib Zülfüqarlının daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər.

Daha sonra şəhidin layiq görüldüyü medal onun qardaşı Qabilə təqdim olunub.

Qeyd edək ki, 24 yaşlı taqım komandiri, leytenant Qalib Zülfüqarlı martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR