Moskvada Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş mərasim keçirilib

Moskvada Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş mərasim keçirilib
# 11 may 2016 09:53 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən mərasimdə Rusiya Federasiya Şurasının üzvləri, Dövlət Dumasının deputatları, Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirləri, Rusiya ictimaiyyətinin tanınmış şəxsləri, siyasi xadimlər və diaspor nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyevin Moskvada çalışdığı dövrdə Rusiya regionları və keçmiş Sovetlər İttifaqı ölkələri üçün çox şey etdiyini söyləyib: "Dahi Heydər Əliyev deyirdi ki, ruhunun bir hissəsi Rusiyadadır. Bu həqiqətən də belə olub. Heydər Əliyev Sovetlər İttifaqının rəhbərlərindən biri olub. Onun Sovetlər İttifaqı üçün xidmətləri unudulmazdır".

Diplomat qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır: "Onun işlərini ölkə prezidenti İlham Əliyev layiqincə davam etdirir".

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov isə çıxışında Azərbaycanda keçirdiyi uşaqlıq illərini xatırlayıb: "Azərbaycan hər zaman beynəlmiləl, çoxmillətli ölkə olub. Burada mehribanlıq hökm sürürdü. Uşaqlıq vaxtı Azərbaycanda yaşayanda, öz aramızda bir çox dillərdə danışırdıq, birlikdə Novruzu, Pasxanı qeyd edirdik. Heydər Əliyev bunu dəstəkləmək üçün əlindən gələni edirdi".

A. Beqlovun sözlərinə görə, Böyük Vətən Müharibəsi illərində Rusiyadan çoxlu sayda ailələr Azərbaycana köçürülüb: "Həmin ruslar azərbaycanlı ailələr tərəfindən mehribanlıqla qəbul olunub. Mənim atam cəbhədə vuruşub, anam isə iki uşaqla Azərbaycana gedib. Bizi azərbaycanlı ailə öz himayəsinə götürüb. Müharibə qurtarandan sonra isə heç kəs qayıtmaq istəmirdi".

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri Konstantin Kosaçov isə Heydər Əliyevin öz xalqının milli lideri və milli varlığı olduğunu söyləyib: "O, öz xalqının maraqlarını, Rusiya və Sovetlər İttifaqının digər xalqları ilə ittifaq münasibətlərini düzgün başa düşürdü".

Onun sözlərinə görə, Sovetlər İttifaqının süqutundan sonra Azərbaycan və Ermənistan xalqlarını ayıran Dağlıq Qarabağ münaqişəsi ümumi qaydalardan bir istisna olub: "Heydər Əliyev üçün isə qaydalar hər zaman xalqlar arasındakı anlaşmaya, sıx əlaqələrin möhkəmlənməsinə yardım etmək olub. Məhz bu fəaliyyətinə görə, müasir Rusiya Heydər Əliyevi xatırlayır, qiymətləndirir və hər zaman onun xatirəsini qoruyub saxlayacaq”.

Sonra tədbirdə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Slutski, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Şimali Osetiyanın eks-prezidenti, Beynəlxalq Əlaqələr üzrə Rusiya Şurasının vitse-prezidenti Aleksandr Dzasoxov Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR