Naxçıvanda ləğv edilən bələdiyyənin əmlakının hərracda satılmasına icazə veriləcəyi hallar müəyyənləşdirilib

Naxçıvanda ləğv edilən bələdiyyənin əmlakının hərracda satılmasına icazə veriləcəyi hallar müəyyənləşdirilib
# 18 mart 2016 14:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qaydaya əsasən bələdiyyələr birləşərkən, ayrılarkən və ləğv edilərkən onlara məxsus mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Naxçıvan Nazirlər Kabinetinin qərarı əsasında komissiya yaradılır.

Komissiyaya Naxçıvan Muxtar Respublikası Ədliyyə, Maliyyə və İqtisadiyyat nazirlikləri, Naxçıvan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və bələdiyyə üzvlərinin (o cümlədən, birləşən, ayrılan və ləğv edilən bələdiyyələrin, habelə ərazi vahidi bir bələdiyyənin tərkibindən ayrılaraq digər bələdiyyənin tərkibinə daxil edildiyi hallarda həmin bələdiyyənin üzvlərindən) hərəsindən bir nümayəndə daxil edilir. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və görülən işlər barədə Naxçıvan Nazirlər Kabinetinə hesabat verir. Komissiyaya Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyindən olan nümayəndə sədrlik edir. Yaradılan komissiyanın yerlərdəki fərdi tərkibi Naxçıvan Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edildiyi gündən 15 gün müddətində göstərilən dövlət orqanlarının və bələdiyyələrin təklifləri əsasında Naxçıvan Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Komissiyanın səlahiyyətləri bələdiyyənin birləşməsi, ayrılması və ya ləğv edilməsi nəticəsində onların əmlakının müvafiq bələdiyyəyə təhvil verilməsi və ya Naxçıvan İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsi barədə müvafiq hesabat təqdim edildikdən sonra bitmiş hesab olunur.

Komissiyanın qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur. Bələdiyyələr birləşərkən onların mülkiyyəti ayrı-ayrılıqda komissiyanın qəbul etdiyi qərar əsasında siyahıya alınır. Siyahıya alınmış əmlak hüquq varisliyi qaydasında komissiyanın qərarına uyğun olaraq akt əsasında yeni yaradılmış bələdiyyəyə təhvil verilir və bu əmlakla bağlı hüquqlar (vəzifələr) həmin bələdiyyəyə keçir. Bələdiyyələr ayrıldıqda (bölündükdə) onların mülkiyyəti komissiya tərəfindən siyahıya alınır. Siyahıya alınmış əmlak komissiyanın qərarına uyğun olaraq bölünmə balansı və akt əsasında yeni yaranmış bələdiyyələrə, ərazi vahidi bir bələdiyyənin tərkibindən ayrılaraq digər bələdiyyənin tərkibinə daxil edildiyi hallarda isə həmin bələdiyyələrə təhvil verilir və bu əmlakla bağlı hüquq və vəzifələr həmin bələdiyyələrə keçir. Qanuna əsasən ləğv edilərək mövcudluğuna xitam verilmiş bələdiyyənin əmlakı Naxçıvan İqtisadiyyat Nazirliyinin sərəncamına verildiyi hallarda komissiya bələdiyyənin mülkiyyətinin siyahıya alınması barədə qərar qəbul edir və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Bu müddət bələdiyyənin ləğvi haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz. Komissiya kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə bələdiyyənin ləğvi haqqında kreditorlara bildiriş göndərir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra komissiya ləğvetmə balansının tərtib edilməsi barədə qərar qəbul edir. Həmin balansa ləğv edilən bələdiyyənin əmlakının tərkibi, kreditorların irəli sürdükləri tələblərin siyahısı, habelə bu tələblərə baxılması nəticələri və məhkəmə mübahisələri haqqında məlumatlar daxil edilir. Ləğv edilən bələdiyyədə olan pul vəsaiti kreditorların tələblərini ödəmək üçün yetərli deyildirsə, komissiyanın qərarı əsasında bələdiyyənin əmlakı (bələdiyyə torpaqları istisna olmaqla) Naxçıvan İqtisadiyyat Nazirliyinin müvafiq qurumunun vasitəsilə açıq hərracdan satıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR