İstirahət mərkəzində ölümlə nəticələnən qəzada təqsirləndirilən müəlliməyə hökm oxunub

İstirahət mərkəzində ölümlə nəticələnən qəzada təqsirləndirilən müəlliməyə hökm oxunub
# 06 noyabr 2015 10:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qobustan rayon Məhkəməsində “Hər fəsil” istirahət mərkəzində Dəniz Qorçunun ölümü ilə nəticələnən qəza ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Qaib Hacıyevin sədrlik etdiyi iclasda məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Aytən Əzizovanın 3 il azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmənin qərarı ilə A. Əzizova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il mayın 23-də Qobustan rayonunun “Hər fəsil” istirahət əyləncə mərkəzində Bakı Oksford Məktəbinin şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. Nəticədə maşında olan 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib.

Məktəbin digər şagirdləri Ayla Hacızadə, Dinara Muxtarova və müəllimə, 1971-ci il təvəllüdlü Aytən Əzizova müxtəlif bədən xəsarətləri alıblar.

Hadisədən sonra şagirdlərdən birinin şəxsi müəlliməsi olan və maşını idarə edən Aytən Əzizova barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR