AMEA və “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA və “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 11 oktyabr 2016 10:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə elmi-analitik informasiya mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

APA-nın məlumatına görə, imzalanma mərasimində çıxış edən AMEA prezidenti Akif Əlizadə “Thomson Reuters” ilə əməkdaşlığı yüksək dəyərləndirərək, bu müqavilənin Azərbaycanda elmin inkişafına, dünyada nüfuzunun artmasına səbəb olacağını, ayrı-ayrı tədqiqatçılar üçün yeni imkanlar yaradacağını bildirib.

O qeyd edib ki, müqaviləyə əsasən, AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan alim və mütəxəssis heyəti “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən istifadə imkanı əldə edəcək: ""Web of Science” yüksək indeksli jurnalların, kitabların, konfrans materiallarının və digər nəşrlərin əhatəli toplusuna malik olan, dünyada elmi yeniliklər və təhlil üzrə qızıl standart kimi qəbul edilən biliklər bazasıdır. “Thomson Reuters Web of Science” platformasına 3 əsas - “Genişləndirilmiş Elmi İstinad İndeksi” (Science Citation İndex Expanded), “İctimai Elmlər İstinad İndeksi” (Social Sciences Citation İndex), “İncəsənət və Humanitar Elmlər İstinad İndeksi” (Arts and Humanities Citation İndex) kataloqu daxildir. Müvafiq elm sahələrini əhatə edən hər üç kataloq Azərbaycan istifadəçiləri üçün mühüm əhəmiyyət kəsb edir".

Sonra tədbirdə “Thomson Reuters” təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan Bazarlar üzrə baş direktoru Viji Krişnan çıxış edib və əməkdaşlıqda məmnun olduğunu deyib: "İmzaladığımız müqaviləyə əsasən, yüzlərlə azərbaycanlı tədqiqatçı beynəlxalq bilik mərkəzləri ilə uğurlu əməkdaşlıq qurmaq və yerli imkanları maksimum inkişaf etdirmək üçün 20 milyon istifadəçisi olan nüfuzlu “Web of Science” bazasına qoşulmaq imkanı əldə edəcək”.

Sonda müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR