Baş toksikoloq: "Sirkə turşusundan zəhərlənmələrin 40%-i intihar məqsədilə törədilir"

Baş toksikoloq: "Sirkə turşusundan zəhərlənmələrin 40%-i intihar məqsədilə törədilir"
# 07 sentyabr 2017 09:58 (UTC +04:00)

Azərbaycanda sirkə turşusundan zəhərlənmələrin 40%-i özünə qəsd məqsədilə törədilir.

APA-nın xəbərinə görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, digər zəhərlənmə halları affekt - kimisə qorxutmaq, nəyəsə nail olmaq məqsədilə baş verib.

A. Maqsudov qeyd edib ki, sirkə turşusundan zəhərlənmə halları əsasən 25-40 yaş arası və 60 yaşdan yuxarı insanlarda qeydə alınır. O, bu il sirkə turşusundan baş verən 111 zəhərlənmə halından 2-nin ölümlə nəticələndiyini deyib.

Baş toksikoloq əlavə edib ki, il ərzində təxminən 100-140 uşaq dərmanın allergik təsirindən zəhərlənir.

Onun sözlərinə görə, azyaşlı uşaqlar çox vaxt evdə nəzarətsiz qaldıqda dərmanlardan istifadə edir, nəticədə zəhərlənmə baş verir: “Dərmanlar rəngbərəng və şirin olduğundan uşaqları cəlb edir. Dərmanların allergik təsirindən bəzən uşaqlar arasında ölüm halı da baş verir. İl ərzində dərmanlardan zəhərlənmə nəticəsində 1-2 ölüm faktı qeydə alınır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR